AZƏRBAYCAN ƏDƏBİYYATININ KLASSİKLƏRİ

Mənisə xatın Məhsəti Gəncəvi 
(1098-1188)

XII əsr Azərbaycan ədəbiyyatında yeni bir şer məktəbinin, şer sərgisinin təsisçilərindən biri olan Mənisə xatın Məhsəti Gəncəvi ədəbiyyatımızda hümanizmin yaranması və inkişafında mühüm rolu olan sənətkarlardandır. Şairənin haqqında çeşidli fikirlər mövcuddur. Şairə həm də dünyada dövr nüsxəsi olan "Əmir Əhməd və Məhsəti" dostanının da qəhramanlarından biridir. Yaşadığı dövrdən Məhsətinin əsərlərinin üzü köçürülmüş, divanı yaradılmışdır. Şairənin divanı XV əsrin əvvəlinə kimi olmuş XV əsrin sonunda, deyilənə görə, Abdulla xan Özbək Herat şəhərini tutan zaman şairənin divanı itib batmışdır. Məhsətinin bir rübaisində dediyinə görə o qələmini təkcə gözəl rübailər yaratmaqla sınamamış, həm də qəzəllər və qitələr də yazmışdır. İndiki dövrdə şairənin divanı itmiş, sayıldığından onun əsasən rübailərdən ibarət olan şerləri müxtəlif tarixi-ədəbi mənbələrdən, bir də "Əmir Əhməd və Məhsəti" dostanından toplanmışdır.

Məhsəti dövründən başlayaraq şairə haqqında mənbələrdə məlumatlar verilməsinə baxmayaraq böyük rus alimi Y.E.Bertels şairənin dastan qəhrəmanı olduğunu və belə bir şairənin tarixdə yaşamadığı qənaətinə gəlmişdir. Halbu ki, şairənin tarixi şəxsiyət kimi yaşaması böyük Nizaminin "Xosrov və Şirin"inin müqədiməsində səlcuq sultanı II Toqrulun mədhindən, həm də Məhsəti ilə həməsr olan böyük sufi şairi Fəridəddin Əttarın "İlahinamə" əsərində verilmiş bir hekayətdən məlum olur.

İlk dəfə XX əsrin 20-30-cu illərində Məhsətidən danışan Mir Abbas Mirbağırzadə şairənin anadan olma tarixini "Əmir Əhməd və Məhsəti" dostanında verilmiş Məhsətinin 20 yaşı olduqda, o, sultan Mahmud Səlcuqi (1117-1132) sarayına yaxınlaşdığından belə nəticəyə gəlmişdir ki, şairə 491-ci ildə (1097-1098) doğulmuşdur. İran müəllifləri də Məhsətidən danışarkən bu tarixi əsas kimi vermişlər. Azərbaycan tədqiqatçıları 1984-cü ildə alman alimi Frits Meyerin "Gözəl Məhsəti" əsərində əksini tapmış, bir maddeyi tarixi verilmiş rübaini şərh edərək həmin tarixin (491 (1097-1098) düzgünlüyünü təstiqləmişdirlər. "Məhsətinin doğum və ölüm tarixləri" adlı məqalə AMEA-nın "Məruzələri" jurnalında çap edilmişdir. Bu vaxta qədər 200-dən artıq müəllif və tədqiqatçı Məhsətidən danışmışdır.

1) İranda Şəhab Tahiri ilk dəfə ayrı-ayrı mənbələrdə olan rübai, qitə və qəzəlləri toplayıb 1957-ci ildə 200 yaxın şer parçasından şairənin ilk divanını tərtib etmişdir.

2) Alman alimi Frits Meyer 1963-cü ildə Almaniyada 20 illik zəhmətin nəticəsi olan "Gözəl Məhsəti" monoqrafiyasını yaratmış, burada 257 rübai və 30-a qədər şer parçasını toplamışdır.

3) Azərbaycan alimi professor, filologiya elmlər doktoru Xəlil Yusifov "Məhsəti Gəncəvi" əsərini yaratmış, əsərinin sonunda 190-qədər Məhsəti rübaisini öz vəznində əruzla Azərbaycan dilinə tərcümə etmişdir.

4) Rəfail Hüseynov "Məhsəti necə varsa" elmi-publisistik monoqrafiyasını yazıb nəşr etdirmişdir.

Məhsəti o əsrdə dəbdə olan fars dilində yazmışdır. Bu vaxta kimi Məhsətinin "Əmir Əhməd və Məhsəti" dastanından alınmış rübailəri on bir dəfə heca vəzni ilə Azərbaycan dilinə tərcümə etilmişdir. Bundan başqa Məhsətinin rübailəri rus, ingilis, alman, fransız və italyan dillərinə də tərcümə edilmişdir.

Xaqani Şirvani 
(1126-1199)

Şairin adı İbrahim, atasının adı Əlidir. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani. Burada Həqaiqi, Həssanul-Əcəm və Xaqani onun təxəllüsü, Əfzələddin ləqəbi, Əbu Bədil kunyəsi və Şirvani mənsub olduğu yerin adıdır.

Xaqani 1126-ci ildə Şamaxıda anadan olmuşdur. İlk təhsilini əmisindən almış və dövrünün müxtəlif elmlərinə dərin maraq göstərmişdir. Gənc yaşlarından yüksək şairlik istedadını göstərən Xaqani Şirvanşahlar sarayına dəvət edilir və orada böyük şöhrət tapır. Saray çəkişmələri və paxılların münasibəti nəticəsində şair həbs edilir. Daha sonralar Xaqani Yaxın Şərq ölkərərində səfərdə olmuş və təəssüratlarını poetik əsərlərdə vermişdir. Şair ömrünün son illərini Təbrizdə keçirmişdir. Xaqani 1199-cu ildə vəfat etmiş və Təbrizin "Şairlər qəbiristanlığı"nda dəfn edilmişdir

Xaqaninin zəngin ədəbi irsi 17 min beytlik lirik şerlər divani, "Töhfətul-İraqeyn" poemasından, bədii nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir. Divanındakı şerlər qəsidə, qəzəl, mədhiyyə, mərsiyə, rübai və s. ibarətdir. Onun ictimai-fəlsəfi məzmunlu əsərlərinə "Şiniyyə" və "Mədain xərabələri" qəsidələri, "Həbsiyyə" şerləri və "Töhfətul-İraqeyn" poeması daxildir.

Xaqani əsərlərini fars və ərəb dillərində yazsa da şerə gətirdiyi bir sira yeniliklərinə və ədəbi-bədii xüsusiyyətlərinə görə Azərbaycan məktəbini təmsil etmişdir.

Xaqaninin əsərlərinə Şərqin bir çox görkəmli şairləri nəzirələr yazmışlar. Şairin bədii irsinin öyrənilməsi ilə Azərbaycan, İran, Rusiya, Hindistan, Pakistan və Qərbi Avropa tədqiqatçıları məşğul olmuşlar. Azərbaycan alimləri akad. Həmid Araslı, Qafqaz Kəndli-Herisçi və Məmmədağa Sultanov şairin həyatını və yaradıcılığını öyrənməkdə dəyərli işlər görmüşlər.

Xaqaninin poetik əsərlərinin müəyyən hissəsinin Azərbaycan dilinə tərcüməsi M.Rahim, Ə.Vahid, M.Mübariz və başqalarına məxsusdur.

Nizami Gəncəvi
(1140-1209)

İlyas Yusif oğlu Nizami XII əsrdə Azərbaycan intibah mədəniyyətinin yetişdirdiyi dahi söz ustası, mütəfəkkir filosoflardandır. O, Şərq-Qərb mədəniyyətlərinin cərəyan etdiyi məşhur ipək yolu üzərində yerləşən qədim Gəncə şəhərində doğulmuş, təhsil və yaradıcılıq illəri bu şəhərdə keçmişdir. XI əsrdən Arranın mərkəzi şəhəri olmaq üzrə burada şəhər mədəniyyəti inkişaf etmiş, dövlət sarayı, mədrəsə, tibb, elm ocaqları fəaliyyət göstərmiş, ədəbiyyat, tarix, fəlsəfə, hücum, fiqh və dini elmlər tədris edilmişdir.

Nizaminin ədəbi şəxsiyyəti haqqında ilk bioqrafik məlumatlar şairin ölümündən üç yüz il sonra qeydə alındığı üçün onun yaşı, dəqiq ölüm tarixi, səfərləri, valideynləri, qohumları haqqında mötəbər fikir deyilməmişdir. Bu barədə nə deyilmişmə alimlərin təxmin etdiklərindən başqa bir şey deyildir. Nizami özü atası, babası və anasından ad çəkmişdir.

Nizami başqa sələf və çağdaşları kimi bədii yaradıcılığa qəzəl və qəsidə ilə başlamışdır. Ancaq bu yol onu təmin etməmiş, Firdovsidən sonra XI əsrdən intişar tapmağa başlayan epik roman-dastan yaradıcılığı janrına ciddi meyl göstərməyə başlamışdır. Onun bu yöndə ilk sınaq əsəri "40 yaşının intizarında" ikən yazdığı, "Məxzənül-əsrar" XII əsrdə yaradılmış epik məsnəvi janrının orijinal nümunələrindən biridir. Bu əsərdə hekayət və dastan süjetləri yanaşı və bədii cəhətdə işlənmişdir. Hekayə və dastanlar əsərdə epikliyin başlıca əlamətlərini - bədii dil, ifadə və məzmun xüsusiyyətlərini özündə əks etdirir. Məsnəvidə 13 dastan və yeddi hekayət verilmişdir. Bir qayda olaraq dastan və hekayətlər məqalətlərdən sonra gəlib onların irfani-fəlsəfi və əxlaqi məna və rəmzlərinin söz açımına və bədii şərhinə xidmət edir.

"Məxzənül-əsrar" ("Sirlər xəzinəsi") tovhi və minacaq, peyğəmbərin tərifi və meracı müqəddimələrilə başlanır. Burada Allahın zat və sifətləri, birliyi, yaradıcı olması ixtiraçı və başlanğıc olması, onu tanımaq və tanıtdırmaq üçün H.Məhəmmədi (s) peyğəmbər təyin etməsi, onunla müsəlmanlara hikmət kitabı Qurani-Kərimi göndərməsi və s. məsələlər izah olunur. Kitabın bədii hissələrilə bu müqəddimələr arasında məna-məzmunca sıx bağlılıqlar vardır və Quran ayələrinə işarələr edilmişdir. Nəticə etibarilə, "Sirlər xəzinəsi" dünya, kamil insan və kamil cəmiyyət haqqında dolğun islami bədii əsərdir.

Nizaminin ikinci əsəri "Xosrov və Şirin" 1180-ci ildə Azərbaycan hökmdarı Cahan Pəhləvanın adına yazılmışdır. Şair əsərin mövzusunu islamdan qabaqkı İran tarixindən almışsa da, Firdovsidən bir qədər fərqli nəzmə çəkmişdir. "Xəmsə"yə daxil olan başqa əsərlər kimi "Xosrov və Şirin"də minacat, peyğəmbərin tərif və meracı, padşaha xitab bölmələrilə başlayır. Kitabın tərtibi bəhsində əsərin əsasında duran eşqin fəlsəfi mənasını izah edən şair onu kosmik eşq adlandırır və yazır: "Fələyin eşqdən başqa mehrabı yoxdur..., dünya (başdan-başa) eşqdir (eşq ilə doludur)". Onun fikrincə "Əgər eşq daşın ürəyinə düşərsə, sevgidən içindəki cövhərə (cəvahirə) əl atar. Maqnitdə eşq olmasaydı dəmiri özünə necə çəkərdi?" - deyən Nizami bu dünyəvi, həqiqi eşqi Xosrov və Şirin surətində dolayısı ilə Turan və İran arasında görmək istəyirdi. Nizaminin Şirini Əfrasiyab nəslindən olan turanlı şahzadə kimi qələmə verməsi buna bir işarə idi. Şair bu istəyini Atabəylər dövlətinin mərasında aşılamaqla sırf siyasi məqsəd güdür.

Nizami bu əsərində eşq və mənəvi təkamül yolu ilə ictimai-siyasi məsələləri həll etmək istəyirsə, Xosrovun eyş-işrət və şöhrətpərəstliklə keçirməsi bu ideyanın həyata keçməsinə mane olur. "Odun oğlu kül olar" məsəlilə oğlu Şiruyənin xəyanətilə öldürülür. Şair bu hadisədən fəlsəfi nəticə çıxararaq təbiət həyatının dövranlarına işarə edir və deyir ki, "Özünü tanı ki, məna yolu ilə, həqqi tanıyarsan, əgər özünü bilsən, fələyin uzaqlığına baxma, o sənin qarşında bir aynadır. Sən iki aləmin toplususan". Nizami bildirir ki, insan vücudu dörd ünsürdən kamala çatsa da, dörd ünsürün xasiyyət və ixtilaflarından uzaqlaşmalıdır. Bunun üçün o, təbiət hadisələrindən çoxlu misallar verir. İnsan cismani zövqlərə deyil, mənəvi-əqli təkamülə meyl etməlidir.

Nizami bu əsərində təbiətşünas alim kimi ictimai həyat məsələlərin təbiətin fəlsəfəsilə həll etməyə çalışır.

"Xosrov və Şirin" ədəbi-bədii quruluş, dil-üslub baxımından da orijinal məziyyətlərə malikdir. Əsərdə Xosrovla Şirinin deyişmələrini və onların adından Bərbət və Nəkisanın musiqi ahənglərinin müşayiətilə qəzəllər tərənnüm etmələri həyat fəlsəfəsinin musiqi və poeziyanın vəhdətində təcəssüm edildiyinə bir sübutdur.

1188-ci ildə Şirvanşah Axsitanın sifarişilə yazdığı "Leyli və Məcnun" əsərinin mövzusunu islamaqədərki ərəb folklorundan alan Nizami süjetin mərkəzində Ərəbistan təbiətini və bədəvi həyatını saxlamaqla üzri qəbilə həyatında platonik məhəbbətin islamiyyət dövründə keçirdiyi yeni istihalə prosesini qələmə almaq istəmişdir. VIII əsrdən Bağdad şəhərində təsis edilən tərcümə və tədqiq mərkəzi antik və qədim yunan ədəbi-fəlsəfi əsərlərilə tanış etdiyi çağlarda IX-X əsrlərdə rabilər Məcnun və Leylinin eşq məcaralarına maraqlanmış və onların kayətlərini toplamağa başlamışlar. Rəvayətlərdə gedən islamlaşma prosesi də bu dövrlərdə baş vermişdir.

İslamiyyət dövründə ictimai əxlaq eşqin qəzəllər vasitəsilə xalq arasında faş edilməsini təhqir və yolverilməz saydığı halda, üzrilərin həyatında eşqin üluhiyyəti hər məhdudiyyəti rədd edir. İslamda isə bu hal sərsərilik və "dəlilik" kimi qəbul olunur. Nizami eşqi intibah fəlsəfəsi baxımından təbiətin başlıca qanunu kimi izah edir və deyir ki, bu eşqlə müxalifət mümkünsüzdür. Məcnun Kəbədə də, səhrada da, göylərdə də eşqin cari olduğunu görür, Kəbədən də, ulduzlardan da eşqinə zimayəci olmağa çağırır.

Məcnunun təbii eşqi qəbilə adət-ənənələrin maneəsindən keçə bilmədiyi üçün nakamlığa uğrayır. Əsərdə yeniliklə, yeni intibah həyatı və təfəkkürü ilə köhnəliyin, cahiliyyətin arasındakı kəsgin ziddiyyətlərə ciddi diqqət yetirilir və bu hal intibahın ilk dövrləri üçün çox səciyyəvidir.

Nizami bu poemasının müqəddimə hissələrində Axsitanın poemanı ərəb-farsın söz incilərilə əsəri zinətləndirmək, türksayağı deyim və xasiyyətləri kənara qoymaq haqqındakı fikirlərinə ciddi etiraz edir və Leyli ilə Məcnunu ərəblər içərisində yaşayan türk deyimli türklər adlandırır. Bu fikirlər şübhəsiz XII əsrdə Azərbaycan intibahının səciyyəvi xüsusiyyəti idi.

"Leyli və Məcnun" kimi Nizaminin Marağa hakimi Ağsunqur Körpə Arslanın adına 1197-ci ildə yazdığı "Həft peykər" ("Yeddi gözəl") poeması süjeti Sasani hökmdarlar sülaləsi tarixindən alınmış intibah əsəridir. Əsərin məzmunu VIII-X əsrlərdə islam intibahı dövründə antik Midiya-Yunan bədii-fəlsəfi mədəniyyətlərinin sintezləşdiyi eşq, sosial həyat və dövlətçilik məsələləri üzərində qurulmuşdur. Burada da eşq "Xosrov və Şirin"də, "Leyli və Məcnun"dakı kimi irəli sürülən kosmik-dünyəvi eşqdir. Bu eşq hər yerdə öz təbiətinə görə ziddiyyətləri aradan götürüb tərəflər arasında sülh və bərabərlik yaradır.

Poemada kosmik aləm yeddi gümbəz modelində yerdə bərqərar olunur. Yeddi planeti təmsil edən bu gümbəzlərin hər biri öz rənginə və xasiyyətinə görə insanın daxili və xarici bədən üzvlərinin hər birinin xasiyyəti və əməlinə uyğunlaşdırılır. Bununla da insanın əxlaqi gözəllik və qüsurları üzə çıxarılır. Bu konsepsiyaya görə insan mənşəinə görə hissi (maddi) və əqli (mənəvi-ruhi və ya əqli-nəfsi) aləmlərin vəhdəti kimi götürülür.

"Yeddi gözəldə" Farabinin "Fəzilətli adamların şəhəri" adlı əsərinin güclü təsiri olmuşdur. Orada da bədən şəhərə, ölkəyə oxşadılmışdır. Bu əsərdə antik zərdüşti və yunan naturfəlsəfi fikrinin konsepsiyası öz bədii ifadəsini tapmışdır.

1200-1203-cü illərdə yazıldığı təxmin edilən "İsgəndərnamə" şairin arzusu ilə çox sevdiyi Nüsrətəddin Əbubəkrə ithaf edilmişdir. Bu əsərin də mövzusu İran-Yunan müharibələri tarixçəsindən alınmışdır. Bu da şərq intibahının başlıca xüsusiyyətidir.

Bu əsərdə Nizaminin məqsədi müharibələrin təfsilatı deyil, bəlkə yunanların şərq mədəniyyətlərilə tanışlığı və bu yol ilə iki mədəniyyətin sintezləşməsidir. İsgəndər İran təşkədərlərini yandırarkən yanındakı filosofların təkidləri ilə dəri üzərində yazılmış "Avesta" mətnlərini Yunanıstana göndərib tərcümə edilib öyrənilməsini tövsiyə edir. Antik yunan alimlərinin muğların naturfəlsəfi nəzəriyyələrinin öyrəndiklərini və onları iqtibal etdiklərini yunan alimləri özləri təsdiq etməkdədir. İsgəndər Nizaminin yazdığına görə öz Vətənində görmədiyi bir çox mədəniyyət və cəmiyyətlərilə bağlı real hadisələrə həyatın möcüzələri kimi baxır. O, yol boyu müxtəlif ölkə, xalq və mədəniyyətlərlə üzləşir, hind çarbaklarının təlimlərilə tanış olur, şimala doğru qayıdarkən almaz çölünə gəlib çıxır, əsgərlər almaz parçalarını yığıb torba-torba özlərilə daşıyırlar. Əsərdə ən əhəmiyyətli mədəni hadisə İsgəndərin "başçısızlar" ölkəsinə gəlib çıxmasıdır. O, buradakı adamların həyatı, düşüncəsi, bərabərliyə dayanan ictimai idarə üsulunu görüncə heyrət edir. Nəhayət İsgəndərin şimal zülmətində dirilik suyunun olması xəbərini eşitməsi və oraya yol tapmaq istəməsidir. Ədəbi dirilik vasitələrinin axtarışı ən qədim mədəniyyətlərə, bu sırada şumer dastanlarında mövcud olmuşdur. Şumer dastanında da ölümsüzlük çarəsi şərqdə, ehtimal ki, Xəzər, ya Urmu gölündəki adamların birində aranır. Onun çarəsini bu adada sakin olan Uminanitdin bilir. Zərdüşti ənənəyə görə ölümsüzlüyün dərmanı "Hoym" bitgisidir.

İsgəndər Xızır peyğəmbərlə zülmətə gedərkən yolu azır, Xızır isə əbədiyyət suyunu tapıb içir və bu haqda İsgəndərə xəbər verir.

Beləliklə, İsgəndər Yunanıstanda deyil, şərqə səyahətləri dövründə görüb öyrəndiyi şərq mədəniyyətləri, şərq elmi-fəlsəfi dünyagörüşü nəticəsində əqli təkamülün zirvəsi olan peyğəmbərlik məqamına yüksəlir. Bu cəhətdən "İsgəndərnamə" Nizaminin bədii-fəlsəfi yaradıcılığında son kamil intibah əsəridir.

Mirzə Şəfi Vazeh
(1794-1852)

Mirzə Şəfi Vazeh XIX əsrin birinci yarsı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biridir.

Şəfi 1794-cü ildə Gəncə şəhərində kiçik sənətkar - bənna ailəsində anadan olmuşdur. O, burada mədrəsədə dini təhsil almış, ərəb və fars dillərini kamil öyrənmiş və klassik Şərq ədəbiyyatının məşhur şairlərinin əsərlərinə bələd olmuşdur. 30-cu illərin əvvəllərində Mirzə Şəfi Gəncə mədrəsəsində müəllimlik etmiş, əsasən uşaqlara nəstəliq dərsi öyrətmişdir. Gözəl bədii istedadı olan və klassik Şərq şairlərinin irsinin ideya-bədii məziyyətlərinə dərindən bələd olan Mİrzə Şəfi gənc yaşlarından bədii fəaliyyətə başlamış və Vazeh təxəllüsü ilə şerlər yazmışdır.

1840-cı ildə Mirzə Şəfi Tiflis şəhərinə gəlmiş və burada quberniya ibtidai məktəbində Azərbaycan dili üzrə müəllimlik vəzifəsində çalışmışdır. 1846-cı ildə o, Gəncəyə qayıtmış bu şəhərdə yeni açılmış məktəbdə müəllimlik etmişdir. Dörd ildən sonra Vazeh yenidən Tiflisə qayıtmış və Tiflis zadəgan gimnaziyasında Azərbaycan və fars dilləri üzrə müəllimlik vəzifəsini ifadə etmişdir.

Mirzə Şəfi 1852-ci ildə vəfat etmiş və Tiflisdə müsəlman qəbiristanlığında dəfn olunmuşdur.

Vazeh 1844-cü ildə Tiflisdə "Divana-hikmət" adlı ədəbi məclis təşkil etmişdi. Məclisdə bu illərdə Tiflisdə yaşayan və xidmət edən görkəmli Azərbaycan şairləri Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov və başqa şairlər iştirak etmişdilər. Bu zaman Tiflis zadəgan giminaziyasında müəllimlik edən alman şairi və tərcüməçisi Fridrix Bodenşted Mirzə Şəfi ilə yaxından tanış olmuş, ondan fars dilini öyrənmiş və məclisin fəal üzvlərindən bir olmuşdur. 1846-cı ildə Bodenştelt Almaniyaya qayıdarkən Mirzə Şəfi Vazehin əlyazma şerləri divanını da özü ilə aparmış və onun şerlərini alman dilinə tərcümə edərək onların bir qismini 1848-ci ildə nəşr etdirdiyi "Min bir gecə" kitabında, 1851-ci ildə isə tam şəkildə "Mirzə Şəfinin şərqiləri" adı altında çap etdirmişdir. Tezliklə Vazehin şerləri Almaniyada geniş yayılmış və onlar alman oxucularını heyran etmişdir. Mirzə Şəfinin tezliklə fransız, ingilis, rus və başqa xarici dillərə tərcümə edilib, nəşr olunmuş və o, qüdrətli bir şair kimi dünya şöhrəti qazanmışdır.

Gənclik illərində ömrünün sonuna qədər ardıcıl bədii fəaliyyətlə məşğul olan Mirzə Şəfi Vazeh klassik şərq poeziyasının görkəmli nümayəndələrinin, xüsusən, Hafiz, Sədi, Rumi və Füzulinin təsiri altında qəzəl, məxəmməs, rübai, qitə, həcb janrlarında yüksək ideya-bədii məziyyətləri ilə seçilən şerlər yazmış, qiymətli bir irs yaratmışdır. Lakin onun şerlərinin az bir qismi bizə çatmışdır. Onların əksər hissəsini alman dilində tərcümələri təşkil edir.

Mirzə Şəfi Vazeh şerləri mövzu və ideya məzmununa görə müxtəlif səciyyə daşıyır. Onların mühüm bir hissəsi məhəbbət mövzusuna həsr olunub. Onlardan zəngin mənəvi aləmlə seçilən aşiqin öz məhəbbəti ilə əlaqədar keçirdiyi hiss və həyəcanları, sevinc və iztirabları təsvir və tərənnüm olunmuşdur. Bu lirik şerlərdə dünyəvilik, həyata optimist münasibət özünü bariz göstərir. Vazehin lirik şerlərinin bir qismində isə ilahi məhəbbət, dini-mistik ideyalar, şərq pantizmi motivləri əks olunmuşdur.

Vazehin tənqid-satirik ruhda qələmə alınmış şerləri vardır. Bu şerlərində şair feodal cəmiyyətinin ictimai nöqsanları, ifrat dini fanatizm, dindən öz əksi mənafeyi üçün istifadə edən riyakar, nadan ruhanilər tənqid olunub.

Mirzə Fətəli Axundov
(1812-1878)

Mirzə Fətəli Axundov yeni dövr Azərbaycan ədəbiyyatı və ictimai, siyasi və fəlsəfi fikrinin inkişafında mühüm rol oynayan görkəmli yazıçı, mütəfəkkir və ictimai xadimdir.

Fətəli 1812-ci ildə Nuxa (indiki Şəki) şəhərində anadan olmuşdur. O, ilk təhsilini mollaxanada almışdır. 1818-ci ildə Fətəli anasının əmisi Axund Ələsgərin himayəsi altına keçibdir. Dövrünün görkəmli ruhanisi olan Axund Ələsgər kiçik Fətəlinin ağıllı, fərasətli bir uşaq olduğunu görüb, onun təhsil və tərbiyəsi ilə şəxsən məşğul olmuş, ona fars və ərəb dillərini, quranı, dini-fəlsəfi elmlərini öyrətmiş, klassik şərq ədəbiyyatının görkəmli nümayəndələrinin irsi ilə tanış etmişdir.

1832-ci ildə Axundov Gəncə şəhərində mədrəsədə dini təhsilini davam etdirmiş və burada müəllimlik edən şair Mirzə Şəfi Vazehlə onun arasında sıx dostluq əlaqəsi yaranmışdır. İstedadlı, azad fikirli şair olan Mirzə Şəfi Vazeh gənc Fətəlinin dünyagörüşünə qüvvətli təsir göstərmişdir. Bu təsirin sayəsində Axundov ruhani olmaq niyyətindən əl çəkmiş və ömrünü dünyəvi işlərə həsr etmək qərarına gəlmişdir.

1833-cü ildə M.F.Axundov Şəkidə ibtidai rus məktəbində oxumuşdur. 1834-cü ildə o, Tiflisdə Rusiyanın Qafqaz baş dəftərxanasında Şərq dilləri üzrə tərcüməsi vəzifəsində xidmət etməyə başlayır. Bu ildən ta ömrünün sonuna qədər Qafqazın baş hakimləri yanında mülki işlər, eyni zamanda müəyyən bir müddətdə diplomatik və hərbi işlər üzə tərcüməçi vəzifəsində çalışmışdır.

M.F.Axundov Tiflisdə çox mənalı və əlamətdar bir mühitə düşmüşdür. O, burada Şərq ədəbiyyatı, fəlsəfəsi, tarixi sahəsində biliklərini olduqca təkmilləşdirmişdir. O, eyni zamanda yeni dövr Qərbi Avropa və rus ədəbiyyatı, mədəniyyəti, ictimai-siyasi, fəlsəfi fikrinin və dünyəvi elmlərinin nailiyyətlərinə yiyələnmişdir.

M.F.Axundov xidmət illərində bir şair, dramaturq, nasir, ədəbiyyat tənqidçisi, filosof və sosioloq kimi qızğın və səmərəli fəaliyyət göstərmiş, zəngin və rəngarəng bir irs yaratmışdır.

1857-ci ildən ta ömrünün sonuna qədər M.F.Axundov əvvəl islam əlifbasının islahı, 70-ci illərin əvvəllərindən isə onun latın əlifbası ilə əvəz olunması uğrunda fəal və cəsarətlə mübarizə aparmış və ərəb əlifbasının ilk "reformatoru" kimi Yaxın Şərq və Avropa ölkələrində tanınmışdır.

Böyük Azərbaycan yazıçısı mütəfəkkiri və ictimai xadimi M.F.Axundov 1878-ci il fevralın 26-da (yeni təqvimlə martın 10-da) vəfat etmiş və Tiflisdə dəfn olunmuşdur.

M.F.Axundov gənclik illərində şair kimi fəaliyyətə başlamış və ömrünün sonuna qədər vaxtaşırı poetik yaradıcılığını davam etdirərək həm klassik şer, həm də xalq şeri üslubunda Azərbaycan və fars dillərində Səbuhi təxəllüsü ilə qoşma, gəraylı, müxəmməs mənzum məktublar, satirik və əxlaqi-didaktik şerlər, qəsidələr yazmışdır. Onun poetik irsində dahi rus şairi A.S.Puşkinin ölmünə həsr olunmuş "Şərq poeması", öz yaxın sələfləri M.P.Vaqif və Q.Zakirin təsiri altında yazdığı qoşma və müxəmməsləri İran hökmdarı Nəsrəddin şahın vəzirlərini kəskin tənqid atəşinə tutan "Yeni əlifba haqqında" satirası və didaktik səciyyə daşıyan şerləri xüsusi əhəmiyyət kəsb edir.

M.F.Axundov Azərbaycan ədəbiyyatında bir dramaturq kimi böyük, misilsiz xidmət göstərmiş, geniş şöhrət qazanmışdır. Yüksək komik istedada malik olan Mirzə Fətəli XIX əsrin 50-ci illərin əvvəllərində "Hekayəti-Molla İbrahimxəlil kimyagər" (1850), "Hekayəti müsyö Jordan və dərviş Məstəlik şah", "Cadügini-Məşhur" (1850), "Hekayəti-Xırs quldurbasan" (1851), "Sərgüşəti-vəziri-xani Lənkəran" (1852), "Hekayəti-mərdi xəsis" (1852), və "Mürafiə vəkilləri" adlı komediyalar yazmış, Azərbaycan ədəbiyyatında milli dramaturgiyanın mükəmməl əsaslarını qoymuşdur. Öz altı komediyası il o, Azərbaycan ədəbiyyatının real həyatla əlaqəsini olduqca qüvvətləndirmiş, onu öz dövrünün mühüm aktual ictimai, sosial və mənəvi məsələləri ilə əlaqəsini, xalqın zəruri tələb və ehtiyacları ilə bağlı olan yeni məzmun, yeni ideyalar gətirmiş və milli ədəbiyyatımızda yeni, realist ədəbiyyatın əsaslarını qoymuşdur. O, komediyalarında Azərbaycan xalqının 30-50-ci illər dövrü həyatı, ailə-məişət xüsusiyyətləri, sosial və mənəvi vəziyyəti, təsvir etmiş, müxtəlif ictimai təbəqə və zümrələrin dolğun, parlaq, rəngarəng surət və tiplərini yaratmışdır.

M.F.Axundov bir komedioqraf kimi öz Vətəni və Yaxın Şərq müsəlman ölkələrində, eləcə də Rusiya və Qərbi Avropa ölkələrində tanınmış, şöhrət tapmışdır.

M.F.Axundov 1857-ci ildə "Aldanmış kəvakib" povestini yazmış və Azərbaycan ədəbiyyatında yeni tipli bədii nəsrin ilk əsaslarını qoymuşdur. Povestdə o, Avropa maarifçilərinin "dünyanı sağlam aqil idarə edir" konsepsiyasından çıxış edərək müasir olduğu İran feodal-despomik üsul-idarəsinin ictimai nöqsanlarının, ölkənin ali feodal dövlət başçılarını kəskin satira atəşinə tutmuş və maarifçi, humanist hakim ideyasını qızğın təbliğ etmişdir. Axundovun "Aldanmış kəvakib" povesti dünya maarifçi nəsrinin orijinal və parlaq nümunələrindən birini təşkil edir.

Keçən əsrin 50-70-ci illərində Azərbaycan və fars dillərində bir silsilə olduqca uğurlu ədəbi-tənqidi məqalələr yazmış və Azərbaycan ədəbiyyatında ədəbi-tənqidi təşəkkül sahəsində də misilsiz xidmət göstərmişdir.

Tənqidçi-formalist və dini-mistik ədəbiyyatının kəskin tənqidi və yeni, realist ədəbi prinsiplərin təbliği onun ədəbi-tənqidinin və estetik görüşlərinin əsas məzmun və problemlərini təkşil edir.

M.F.Axundov XIX əsrin 60-70-ci illərində filosof və sosioloq kimi də fəal, məhsuldar fəaliyyət göstərmiş, "Kəmalüddövə məktubları" fəlsəfi traktantını "Həkim ingilis Yuma cavab", "Con Stuart milli azadlıq haqqında", "Mollayi-Rumi və onun təskifi" və başqa fəlsəfi-sosioloji əsərlərini yazmışdır. O, bu əsərlər ilə Azərbaycan və Yaxın Şərq müsəlman ölkələrinin fəlsəfi, siyasi, ictiami və sosial fikrində də əsaslı bir dönüş yaratmış, maarifçilik ideologiyasının ilk mükəmməl əsaslarını qoymuşdur.

M.F.Axundovun fəlsəfi traktatında və başqa fəlsəfi əsərlərində dünya maarifçilik ideologiyasının əsas tipik xüsusiyyətləri geniş, dərin, parlaq əksini tapmışdır. XVIII əsrin Qərbi Avropa ölkələri maarifçiliyinin və XIX əsrin 40-60-cı illər rus maarifçiliyinin görkəmli nümayəndələri kimi Axundov da fəlsəfi-sosioloji əsərlərində feodal despotik üsulidarəsinə, feodal dövlət və idarə sisteminə, feodal ictimai, sosial münasibətləri və hüquqi təsisatlarına, feodalizm ideoloji və mənvi dayağı olan dinə və orta əsrlər dini-ideologi baxımlara, sosioloji təhsilə və təlim-tərbiyə üsullarına qarşı çıxmış və yeni dövlət qurumunun-parlament üsul-idarəsini, yeni iqtisadi, ictimai, sosial, münasibətləri və qayda-qanunlarını, yeni liberal-demokratik görüşləri, yeni mənəvi-əxlaqi görüşləri, Avropa ölkələrinin yeni dövr elmi-mədəni nailiyyətlərini qızğın təbliğ etmişdir.

M.F.Axundov Azərbaycan və Yaxın Şərq müsəlman xalqlarının yeni dövr ədəbi-fəlsəfi fikrinin inkişafı tarixində müstəsna yer tutan bir yazıçı və filosof kimi tanınmış və şöhrət qazanmışdır. O, eyni zamanda ümumən dünya maarifçilik ideoloji cərəyanı parlaq nümayəndələrindən biri hesab olunur.

Seyid Əzim Şirvani
(1835-1888)

XIX əsr Azərbaycan ədəbiyyatında istedadlı lirik və satirik şair kimi tanınır. O, həm də maarifçi şerləri və mənzum hekayələri, təmsilləri ilə məşhurdur. Seyid Əzim 1835-ci il iyulun 10-da Şamaxıda doğulmuş, lakin 7-8 yaşında ikən atası Seyid Məhəmməd vəfat etdiyi üçün anası ilə birlikdə Dağıstanda yaşayan babası Molla Hüseynin yanına köçərək 10 il orada yaşamış, ilk təhsilini də Dağıstanda almışdır. 1835-ci ildə 18 yaşında ikən Şamaxıya qayıtmış və ömrünün sonunadək burada yaşayıb ədəbi və elmi-pedoqoji fəaliyyət göstərmişdir. Yəni həm özü məktəb açaraq dərs demiş, həm Şamaxı Ruhani məclisinin nəzdində Səid Əfəndi Ünsizadənin açdığı "Məclis" məktəbində əvvəl müəllim, S.Ünsizadə Tiflisə köçdükdən sonra ona rəhbərlik etmişdir. 1877-ci ildən isə eyni zamanda Şamaxı şəhər məktəbinə şəriət və ana dili müəllimi təyin olunmuşdur. Pedoqoji fəaliyyəti zamanı əldə etdiyi təcrübəyə əsasən iltisav məktəb şagirdləri üçün dərslik yazmış, lakin onun nəşri üçün göstərdiyi bütün cəhətlər puça çıxmışdır. Seyid Əzimin bu dərsliyinin nəşr edilməsinə o zamankı Çar hökuməti idarələri icazə verməmişlər.

S.Ə.Şirvani XIX əsrdə nəşr olunan milli mətbuat orqanlarının hamısında - "Əkinçi" (1875-1877), "Ziya (Ziyayi-Qafqasiyyə)" (1879-1884) və "Kəşkül" (188 -1891) - maarifə çağırış, əxlaqi, didaktik ruhlu şerləri və məqalələri ilə əməkdaşlıq etmişdir. Lakin şair "Əkinçi" qəzetinin nəşrini Azərbaycan ictimai-mədəni mühitində parlaq bir hadisə hesab edib şerlə tərik məktubu göndərsə də, qəzetin təbliğ etdiyi ictimai ədəbi və mədəni ideyaların mahiyyətini dərk edib mənimsəmək üçün ona təxminən bir il vaxt lazım olmuşdur; 1876-cı ilin ortalarından Seyid Əzimin dövrünə görə qabaqcıl, maarifçi ruhlu şerləri "Əkinçi" qəzetində, sonra isə "Ziya (Ziyayi-Qafqasiyyə)" və "Kəşkül"də tez-tez çap edilmişdir. Beləliklə, o, ədəbiyyat tarixində həm də maarifçi şerlər müəllifi kimi tanınmışdır.

Seyid Əzim Şamaxıda fəaliyyət göstərən "Beytüs-Şəfa" adlı ədəbi məktəbə rəhbərlik etmiş, eyni zamanda Bakı, Qarabağ, Lənkəran və digər mədəni mərkəzlərdəki ədəbi məclislərin üzvləri ilə yaradıcılıq əməkdaşlığı etmiş, onlarla şerləşmişdir. S.Ə.Şirvani dərin məzmunlu, yüksək ideya-estetik keyfiyyətə, incə lirizmə malik qəzəlləri, habelə realist ruhlu əsərləri ilə müasirlərindən seçilir. Onun satirik şerləri özünün ideya-bədii keyfiyyəti ilə Azərbaycan ədəbiyyatında satiranın formalaşaraq ictimai məzmun qazanmasına səbəb olmuşdur. Şirvani təzə bəyləri, "Qazı saqqalını yandırır", "Müstəhidin təhsildən qayıtması" və s. satiraları yüksək qiymətləndirilir… Şairin "Şirvan xanlığının tarixi" adlı bir elmi əsəri də var.

S.Ə.Şirvani 1888-ci ildə Şamaxıda vəfat etmişdir. Onun əsərləri kitab halında dəfələrlə çap olunmuş, haqqında çoxlu məqalə, dissertasiya və monoqrafiyalar yazılmışdır. Şairin həyat və yaradıcılığı orta və ali məktəblərdə də öyrənilir.

Mirzə Ələkbər Sabir
(1862-1911)

Azərbaycan ədəbiyyatı tarixində sözün həqiqi mənasında milli şair kimi şöhrət tapan M.Ə.Sabir 1862-ci il may ayının 30-da Şamaxı şəhərində anadan olmuşdur. İbtidai təhsilini əvvəlcə mollaxanada, sonra S.Ə.Şirvaninin açdığı məktəbdə alan Ələkbər yaradıcılığa erkən yaşlarından başlamışdır. Onun ilk qələm təcrübələrini də elə müəllimi, məşhur şair Seyid Əzim tədqir və redaktə etmiş, ona özünün ustad məsləhətlərini vermişdir. Ələkbər "Sabir" təxəllüsü ilə şerlər yazmışdır. Ancaq şairin XX əsrin ruhundan və tələbindən doğan çağırış ruhlu ilk mətbu şerləri 1903-cü ildə "Şərqi-Rus" qəzetində çıxmışdır.

1905 və 1906-cı illərdə "Həyat" qəzetində ictimai məzmunlu və "Bir məclisdə on iki kişinin söhbəti" adlı satirik şerlərini çap etdirmişdir. Ancaq Sabirin şairlik qudrəti və şöhrəti "Molla Nəsrəddin" jurnalının səhifələrində kamala çatmışdır. Jurnalda "Millət tarac olur, olsun, nə işim var?!" satirası ilə iştiraka başlayan Sabir öz yaradıcılığı ilə inqilabi satirik ədəbi məktəbinin əsasını qoymuş, bu məktəbə başçılıq etmişdir. "Molla Nəsrəddin" jurnalının geniş şöhrət tapmasında da Sabir poeziyasının xüsusi rolu olmuşdur. O, həm "Molla Nəsrəddin" jurnalında, həm də "Bəhlul", "Zənbur", "Həyat", "İrşad", "Təzə həyat", "Səda", Həqiqət", "Günəş", "Yeni həqiqət" kimi mətbuat orqanlarında "Hop-hop", "Güləyən", "Ağlar güləyən", "Çayda çapan", "Qabaqda gedən zəncirli", "Məczub", "Nizədar", "Yetim qızcıq" "Qoca iranlı" və s. satirik gizli şerlər çap etdirmişdir.

Sabirin əsərləri (uşaq şerləri) "Dəbistan", "Rəhbər" jurnallarında "Birinci il", "İkinci il", "Yeni məktəb" dərsliklərindən də dərc edilmişdir. Sabirin "Fəxriyyə", "Satiram!", "Bura say!..", "Oxutmuram, əl çəkin!..", "Pula təvəccöh", "Xəsisin heyfi, varisin keyfi", "Nəfsin qəzəti, əqlim mərəzi", "İstiqbalımız lağlağıdır", "İstiqbal bizimdir", "Şəkibai", "Ruhum!" və s. şerləri də məşhurdur. O, satirik şerlərlə yanaşı dövri mətbuat orqanlarında ("Həyat", "İrşad", "Təzə həyat" və s. qəzetlərdə) publisistik məqalələr və müxtəlif yazıları ilə də çıxış etmiş, dövrünün mühüm ictimai-milli problemlərini qaldırmışdır. Buraya "Qeyrət", "İslamiyyətin insaniyyətpərvərliyi", "Cümə", "Zaman nə istəyir?! Amma biz…" və s. məqalələr daxildir. Sabir həmçinin yüksək sənətkarlıqla yazılmış felyetonların da müəllifidir.

M.Ə.Sabir bədii yapradıcılıqla yanaşı 1908-ci ildə imtahan verərək müəllimlik hüququ aldıqdan sonra Şamaxıda "Ümmid" adlı məktəb açıb orada, sonra isə Bakının Balaxanı kəndindəki camaat məktəbində müəllim işləmişdir. O, Şamaxıda kitabxana-qıraətxana təşkilində, teatr tamaşalırının hazırlanması və s. mədəni-kütləvi tədbirlərdə də fəal iştirak etmiş, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımın vurduğu yaraların aradan qaldırılması üçün həm bədii yaradıcılığı, həm də əməli fəaliyyəti ilə əsl vətəndaş kimi çalışmışdır.

M.Ə.Sabir 1911-ci il iyun ayının 12-də qara ciyər xəstəliyindən vəfat etmişdir. Onun əsərləri "Hophopnamə" adı ilə kitab halında dəfələrlə nəşr olunmuş, haqqında çoxlu elmi məqalə, monoqrafiya və dissertasiya yazılmışdır.

Cəlil Məmmədquluzadə
(1866-1932)

Adı dünya ədəbiyyatı klassikləri ilə yanaşı çəkilən Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə XX əsrin əvvələrində Azərbaycanda tənqidi realizm ədəbi məktəbinin, inqilabi demokratik və satirik istiqamətli "Molla Nəsrəddin" jurnalının yaradıcısı olmuş, milli ədəbiyyatda yeni bir yol açmış, novator yazıçı, dramaturq, jurnalist, ədəbiyyat və mədəniyyət xadimi kimi şöhrətlənmişdir. Humanizm, demokratizm və azadlıq ideyalarının carçısına çevrilmişdir.

C.Məmmədquluzadə Azərbaycanın qədim Naxçıvan şəhərində andan olmuş, oxumuş, ərəb, fars dillərini öyrənmiş, Gürcüstanın Qori şəhərində Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini bitirmişdir (1882-1887). Burada Şərq və Avropa mədəniyyətini, V.Şekspir, M.Volter, V.Hüqo, A.S.Puşkin, L.Tolstoy, N.Qoqol və başqa sənətkarların yaradıcılığını öyrənmiş, özü də görkəmli yazıçı, dramaturq kimi tanınmışdır.

Kiçik hekayəçiliyin böyük ustası, kamil komediyalar müəllifi, görkəmli jurnalist, vətətndaş, ziyalı olan C.Məmmədquluzadə Güneyli, Quzeyli Azərbaycanın taleyini düşünür, xalqın azadlıq arzularını, ağır həyat tərzini əks etdirir, onu müstəmləkə halına salan qonşu ölkələri, istismar edən qüvvələri, ictimai geriliyi, ətaləti, fanatizmi tənqid atəşinə tuturdu.

1905-ci ildən Tiflisdə "Şərqi-Rus" qəzetində çalışması, yaratdığı "Qeyrət" mətbəsində inqilab və azadlıq mövzularında əsərlər, şüarlar buraxması, xalq həyatını, ictimai-siyasi hadisələri dərindən öyrənməsi onu yeni görüşlü sənətkar kimi yetişdirdi. 1905-ci il hadisələrinin təsiri ilə yeni-yeni çeşidli əsərlər yaratdı. "Poçt qutusu", "Usta Zeynal", "İranda hürriyyət", "Rus qızı", "Konsulun arvadı", "Qurbanəlibəy" və onlarca başqa hekayələri Azərbaycan və Yaxın Şərq xalqları ədəbiyyatında yeni bir hadisəyə çevrildi. "Ölülər", "Anamın kitabı", "Dəli yığıncağı", "Kamança" kimi komediyaları ədəbiyyatda yeni bir səhifə açdı, uzun zaman Azərbaycan səhnəsində oynanıldı. "Ölülər" Türkiyə, Rusiya və İranda, Orta Asiya, Volqaboyu, Şimali Qafqaz türk xalqları teatralında da uğur qazandı, yeni ədəbiyyat və sənət adamlarının yetişməsinə kömək etdi.

Azərbaycanın ictimai fikrində, ədəbiyyat və mədəniyyət tarixində C.Məmmədquluzadəyə şöhrət gətirən bir cəhət də onun O.F.Hemanzadə, Ə.Qəmqüsar və başqa amal, əməl dostları ilə birlikdə 1906-cı ildən başlayaraq 30 il Tiflis, Təbriz, Bakı kimi böyük şəhərələrdə inqilabi, satirik "Mola Nəsrəddin" jurnalını nəşr etməsidir. Bu jurnal xalqın milli-mənəvi, ədəbi-mədəni inkişafında, intibahında böyük rol oynadı. Yaxın Şərq xalqlarının inkişafına da müsbət təsir göstərdi.

Onun əsərləri yüz min tirajlarla çap olunub. 1966-ci ildə ədibin doğum gününün 100 illik yubileyi YUNESKO-nun qərarı ilə dünya miqyasında keçirildi. C.Məmmədquluzadə bu gün Azərbaycanın müstəqilliyi dövründə də bizimlədir.

Hüseyn Cavid
(1882-1941)

(Hüseyn Abdulla oğlu Rasizadə) 24. X. 1882-ci ildə Naxçıvan şəhərində anadan olmuş, 5. XII. 1941-ci ildə İrkutsk vilayətində sürgündə vəfat etmişdir.

Azərbaycanın görkəmli şairi, dramaturqudur. Naxçıvanda ruhani ailəsində doğulmuş, ibtidai təhsilini Naxçıvanda mollaxanada, orta təhsilini görkəmli ziyalı, müəllim M.T.Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində almışdır. (1894-98). Klassik üslublu ilk şerlərini "Gülçin" və "Salik" imzaları ilə burada yazmışdır. 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş Təbrizin Talibiyyə məktəbində təhsilini davam etdirmişdir. İstanbul universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 19015-ci ildən isə Bakıda müəllimlik etmişdir.

Cavid və onun bədii irsi Azərbaycan mədəniyyətinin, ədəbi təfəkkürünün və teatrının xəzinəsində önəmli və getdikcə parlayacaq və ədəbi yaşar bir mövqeyə malik olan qədim Şərq mədəniyyəti, Azərbaycan klassik poeziyası, dərin mənəvi-fəlsəfi örnəklər Cavid yaradıcılığını qidalandıran tələblərdir. O, XX əsr Azərbaycan romantizminin banilərindən biridir.

Cavid sənəti bədii növ, janr və forma cəhətdən zəngindir. O, lirik şerlərin, lirik epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. "Keçmiş günlər" adlı ilk şer kitabı 1913-cü ildə çap olunmuşdur. Yaradıcılığının ilk dövrlərində ictimai-fəlsəfi-əxlaqi mövzulu lirik əsərlər üstünlük təşkil edir. ("Öksüz Ənvər", "Çoban türküsü", "Kiçik sərsəri", "Dün və bu gün", "Qadın", "Görmədim", "Vərəmli qız" və s.) Bu əsərlərdə insanın ailədə, məişətdə yaşadığı müxtəlif çətinliklər, zəmanənin zülm və haqsızlığı, ədalətsiz, zorakı quruluşun əzabları təsvir olunur. "Məzlumlar üçün", (1914) "Qüruba qarşı", "Hərb və fəlakət" (1916) "Hərb allahı qarşısında" (1917) əsərlərində bəşəriyyətə fəlakətlər gətirən müharibələrə, imperiya siyasətinə nifrət əks olunur.

Hüseyn daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı monerası, forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratmış, milli teatr mədəniyyətini yeni məzmunla zənginləşdirmişdir. Dramaturgiyasında bütün dövrlər üçün keçilməz olan ümumbəşəri, ictimai-siyasi və mədəni problemləri yüksək bədii səviyyədə işıqlandırmışdır. İlk mənzum "Ana" pyesində (1910) nəciblik, sədaqət, mərdlik, "Maral" (1912) faciəsində şəxsiyyətdə və qadın azadlığı, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" (1914) da insanları ayıran dini və milli təəssübkeşlik əleyhinə üsyankar etiraz ruhu tərənnüm olunur.

Bu ideyalar "Şeyda" (1917) dramında, "Haqqını sən mübarizə ilə ala bilərsən" (1918) poemalarından da davam etdirilir.

Yaradıcılığında mühüm yer tutan "İblis" (1918) faciəsində dövrün bütün mürtəce-əzici qüvvələri, "iyriminci əsrin mədəni vəhşiləri olan imperialist dairələri İblis obrazında ümumiləşdirilmişdir".

20-30-cu illərdə yazdığı tarixi dramlarında "Peyğəmbər" (1922), "Topal Teymur" (1925), "Səyəvuş" (1933), "Xəyyam" (1935) tarixi şəxsiyyətlərin rolunu, hökmdar və xalq, azad fikir və irtica məsələlərini qoyur və özünəməxsus yüksək poeziya dili ilə əks etdirir.

Cavidin poeziyası yüksək bədii sənətkarlığı, dərin emosionallığı, səmimiliyi ilə seçilir.

FOLKLOR

FOLKLOR

Azərbaycan xalqının şifahi poetik yaradıcılığı kimi mənalandırdığımız folklorun tarixi Azərbaycan ərazisində ilk insan məskənlərinin meydana çıxmasına gedib çatır. Azərbaycan dünyanın ən zəngin folklor sərvətlərindən birinə sahibdir.

Azərbaycan ədəbiyyatının qaynağında zəngin və dərin məzmunlu Azərbaycan folkloru durmaqdadır. Mifoloji-bədii dünyagörüşün izləri folklorda və klassik ədəbiyyatda indi də özünü büruzə verməkdədir. Azərbaycan mifologiyası Qədim hind, Qədim yunan mifologiyası qədər sistemli və bütöv xarakter daşımır. Ancaq Azərbaycan folklorunqda Azərbaycan mifologiyasının izlərini aşkar etmək mümkündür. Bunlar daha çox kosmoqonik və mövsümi, eləcə də etnoqonik miflərin müəyyən detallarını özündə daşımaqdadır. İnsan cəmiyyətinin ilkin formalaşma dövrünün bədii təfəkkür məhsulları olan bu mifik ünsürlərdə kosmosla xaos, yəni dünya düzəni ilə qarmaqarışıqlıq, nizamsızlıq, dünya düzəninin bu nizamsızlıqdan yaranması və eyni münasibətlərin insan cəmiyyətində əks olunması özünə yer tapmışdır. Mifik dünyagörüşündə insan cəmiyyətində kosmos, yəni əksər insanlar tərəfindən qəbul edilmiş qayda-qanunlar toplusu əsas etibarilə cəmiyyətin aparıcı nizamını - ailə, məişət, insanla təbiət arasında qarşılıqlı anlaşma proseslərini əhatə edir. Mifoloji dünyagörüşünün ayrı-ayrı ünsürləri indiyə qədər folklorun ovsun, alqış, qarğış, rəvayət, qodu və sayaçı mərasimi ilə ilgili mətnlərdə qorunub saxlanmışdır. Azərbaycan mifoloji mətnlərinin əksəriyyətində qədim türk mifoloji düşüncəsi aparıcı motiv kimi çıxış edir. Bunu istər dünyanın yaranması ilə bağlı olan kosmoqonik miflərdə, istər etnosun mənşəyi ilə bağlı olan etnoqonik miflərdə, istərsə də mövsümi proseslərlə əlaqədar olan təqvim miflərində görmək mümkündür. Mifoloji mətnlərin yaranması və onların folklor mətnlərində ünsürlər şəklində qorunub saxlanması ibtidai insanın təbiətə və təbiət qüvvələrinə baxışı ilə sıx əlaqədardır. Söz, hərəkət və oyun vasitəsilə təbiət qüvvələrinə təsir göstərmək arzusu ibtidai insanda mifoloi mətnləri yaratmaq və ifa etmək ehtiyacı doğurmuşdur. Bunların sırasında "Kosa-Kosa", "Qodu-Qodu", "Novruz", "Xıdır Nəbi" və b. mərasim nəğmələrini və bunları müşayiət edən rəqsləri göstərmək olar.

Azərbaycan folklorunun özəlliklərindən birini - onun başqa türk xalqlarının folkloru ilə ortaq cəhətlərə malik olması təşkil edir. Bu xalqların şifahi söz sənətində bir çox mətnlərin üst-üstə düşməsi həmin örnəklərin vahid etnocoğrafi məkanda meydana gəlməsini göstərir. Ortaq türk folkloruna aid olan dastanlar arasında "Oğuznamə"lər xüsusi bir silsilə təşkil edir. "Köç", "Ergenekon", "Şu", "Qayıdış" kimi dastanlarda isə bütöv şəkildə prototürklərin mühüm problemləri öz bədii-mifoloji əksini tapmışdır. Həmin dastanların çoxu xülasə şəklində XI yüzillikdə yaşayıb-yaratmış türk alimi Kaşğarlı Mahmudun "Divanu lüğət-it-türk" ("Türk dilinin divanı") əsərində öz əksini tapmışdır. Bu dastanlar xalqların böyük hicrəti dövrünün bədii-mifik dünyagörüşünü özündə saxlamaqdadır.

Azərbaycan folkloru janr zənginliyinə malikdir. Epik folklor janrlarından nağıl və dastanlar, xalq müdrikliyinin ifadəsi olan atalar sözləri və zərbi-məsəllər tarix boyu qonşu xalqların folklor və klassik ədəbiyyatına güclü təsir göstərmişdir. Lirik janrlardan bayatılarda xalq həyatının və məişətinin müxtəlif tərəfləri bədii-emosional şəkildə əks olunmuşdur. Qədim türk xalqlarının özünəməxsus poeziyası olmuş və bu poeziya türklərin milli vəzni olan heca və ya "barmaq" vəznində yaradılmışdır. Müxtəlif şeir şəkillərində heacaların sayı müxtəlif olsa da, epik süjetli uzun şeirlər və dastanlar əsas etibarilə yeddihecalıq formada yaradılmışdır. Bu cür şeirlər insanın yaddaşında daha yaxşı qorunub saxlanır. Azərbaycan folklorunun ən zəngin janrlarından olan bayatıların da hər misrası yeddi hecadan ibarət olur.

Folklor janrları arxaik və çağdaş janrlar kimi iki yerə bölünür. Arxaik folklor janrlarında sınamalar, ovsunlar, fallar, andlar, dualar, alqışlar və qarğışlar geniş yer tutur. Ancaq bu bölgü şərtidir; belə ki, folklor yaranma prosesi bütün tarix boyu getdiyindən, bu janrlara da müntəzəm olaraq yeni-yeni örnəklər əlavə olunur.

Bağlı olduğu hadisə və ya proses baxımından mərasim folkloru, əmək nəğmələri ayırd edilir. Mərasim folklorunun özü də mövsüm mərasimlərini, müxtəlif təbiət hadisələri ilə bağlı olan mərasimləri, məişət mərasimini, o sıradan toy və yas mərasimlərini əhatə edir.

Azərbaycan folklorunun ən zəngin janlarından birini bayatılar təşkil edir. Bayatılar əsasən insanın lirik-fəlsəfi duyğularını yığcam poetik şəkildə ifadə etməyə xidmət göstərir. Bu poetik formanın məzmun növləri arasında layla, nazlama, ağı, sayaçı sözü, holavar, vəsfi-hal və s. örnəklər vardır. Bundan başqa, bayatı-bağlama, bayatı-deyişmə, bayatı-tapmaca kimi örnəklər də bu poetik formanın daxilində özünə yer tutur. Bayatılar dörd misradan, hər misra yeddi hecadan ibarət olur. Qafiyələnmə sistemi əsasən a-a-b-a şəklindədir. Tarixən türkdilli poeziyada cinasa çox fikir verildiyindən, qafiyələri cinas təşkil edən bayatı örnəkləri də çoxdur. Bayatının forma növlərindən biri də ilk misrası ancaq qafiyədən ibarət olan növdür. Bu cür bayatılara daha çox Kərkük folklorunda rast gəlinir. Bayatıda adətən birinci və ikinci misralar əsas mənanı ifadə etmək üçün hazırlıq rolunu oynayır.

Geniş yayılmış lirik folklor janrlarından birini də xalq mahnıları təşkil edir. Bunlar konkret musiqi motivinə bağlı olan müxtəlif formalı poetik mətnlərdir. "Aman nənə", "Ay lolo", "Sona bülbüllər", "Süsən sünbül" və s. xalq mahnıları indi də müğənnilərin repertuarında qalmaqdadır. İfa tərzinə görə xalq mahnıları arasında solo, xor və deyişmə-mahnılar seçilir.

Xronoloji baxımdan epik folklor janrlarından əfsanələr ilk öncə nəzərdən keçirilir. Əfsanələri başqa epik janrlardan fərqləndirən başlıca əlamət - onda fantastik element və hadisələrin iştirak etməsidir. Eyni əlamətin daşıyıcısı olan sehirli nağıllardan fərqli olaraq, əfsanələrdə süjet bitkin xarakter daşımayıb, yalnız bir fraqment şəklində olur. Təsvir etdiyi obyekt və hadisənin məzmununa görə Azərbaycan folklorunda əfsanələr kosmoqonik, zoonimik, toponimik, etnoqrafik, dini, tarixi, qəhrəmanlıq və s. xarakteri daşıyır. Ən qədim əfsanələr kainat, dünya və səma cisimlərinin yaranması ilə bağlı olan örnəklərdir.

Azərbaycan folklorunun janrları arasında əfsanə və rəvayətlərdən sonra nağıllar epik növün ən geniş yayılmış örnəklərini təşkil edir

Atalar sözü və məsəllər də Azərbaycan folklorunun epik janrları arasında geniş yayılmışdır. Xalqın uzun əsrlər boyu əldə etdiyi təcrübələrin ümumiləşmiş yekunu, nəticəsi olan atalar sözü və məsəllər türk xalqları arasında geniş yayılmış, bir çox hallarda cəmiyyətdə əxlaq kodeksini əvəz etmişdir. Bu janrın ilk örnəkləri Mahmud Kaşğarinin "Divanu lüğət-it-türk", "Kitabi-Dədə Qorqud" kimi klassik yazılı abidələrdə özünə yer tapmışdır. Oğuz tayfalarının müdrikliyini ifadə edən xüsusi atalar sözü topluları - "Oğuznamə"lər də Azərbaycan folklorunun qiymətli abidələrindəndir.

Azərbaycan folklorunun dramatik janrları xalq oyunları və meydan tamaşaları ilə təmsil edilmişdir. Bunların ən səcyyəvi örnəyi kimi "Kosa-Kosa" dramını göstərmək olar. İslamın qəbulundan sonra peyğəmbər ailəsinə məxsus müqəddəslərin faciəsi mövzusunda xalq arasında geniş yayılmış şəbihlər də xalq dramlarına daxildir.

Azərbaycan folklor nümunələrinin böyük bir qrupu xüsusi olaraq uşaqlar üçün yaradılmışdır. Bunlar həm lirik, həm epik, həm də dramatik növlərə məxsus örnəklərdir. Lirik növə aid janrlar: layla, oxşama, nazlama, uşaq mahnıları; epik növə: tapmaca, yanıltmac, qaravəlli, uşaq nağılları; dramatik növə isə uşaq oyunları və tamaşalar daxildir.

Azərbaycan folklorunun inkişaf mərhələləri arasında orta əsrlərin xüsusi yeri vardır. Bu dövrdə - XVI-XVIII yüzilliklərdə dastan janrı xüsusilə geniş inkişaf etmiş, Qurbani, Tufarqanlı Abbas, Sarı Aşıq, Xəstə Qasım kimi qüdrətli sənətkarlar ərsəyə gəlmişdi. Əsasən irfanla bağlı olan orta əsr məhəbbət dastanları - "Qurbani", "Aşıq Qərib-Şahsənəm", "Əsli-Kərəm", "Abbas-Gülgəz", "Şah İsmayıl-Gülzar", "Tahir-Zöhrə", "Alıxan-Pəri", "Arzu-Qəmbər", qəhrəmanlıq dastanı "Koroğlu" bu dövrün məhsuludur. Məhəbbət dastanlarından fərqli olaraq, "Koroğlu" müxtəlif qolların toplusu olmaqla "Dədə Qorqud" dastanlarının ənənəsini davam etdirir və buna görə də epos adlanır. "Koroğlu" eposunun süjetində konkret tarixi hadisə - XVI-XVII yüzilliklərdə Türkiyə və Azərbaycanda baş vermiş Cəlalilər üsyanı dursa da, formalaşma prosesində abidəyə bir sıra əlavə süjetlər artırılmış, bəzi hallarda mifik motivlərdən də istifadə edilmişdir.

Folklor örnəkləri əsas etibarilə anonim - müəllifsiz olduğundan, konkret müəllifi olan aşıq ədəbiyyatının Azərbaycan folklorunda xüsusi yeri vardır. XVI yüzillikdə əsası qoyulan və dövrümüzə qədər davam edən aşıq sənətinin ən böyük nümyaəndələri "ustad aşıqlar" termini ilə ifadə edilir. Azərbaycan folklorunda ilk ustad aşıq kimi Qurbaninin adı çəkilir. Qurbani Şah İsmayıl Xətaidən (1487-1524) yaşca bir qədər böyük olmuş və onunla müəyyən münasibətləri olmuşdur. Səfəvilərin tarixindən və "Qurbani" dastanından bu xalq sənətkarı haqqında müəyyən məlumatlar almaq mümkündür.

Azərbaycan aşıq sənətinin üç yüz illik ənənələri XIX əsrdə Aşıq Ələsgər (1821-1926) kimi qüdrətli xalq sənətkarının yetişməsinə təkan vermişdir. Aşıq Ələsgərin yaradıcılığında lirik motivlə əxlaqi-didaktik motiv üzvi şəkildə bir-birinə qovuşmuşdur. Bu el sənətkarı özündən sonrakı aşıq ədəbiyyatının, eləcə də yazılı şeirin inkişafına böyük təsir göstərmişdir. 105 il ömür sürmüş aşığın yaradıcılığında bu dövrün bir çox tarixi hadisələri və şəxsiyyətləri öz əksini tapmışdır.

Azərbaycan şifahi xalq yaradıcılığı, xüsusən aşıq sənəti qonşu xalqların ədəbiyyatlarına da dərin təsir göstərmiş, bir sıra gürcü və erməni şairləri türk dilində yazıb-yaratmışlar. XVIII əsr erməni şairi Sayat Nova şeirlərinin əksəriyyətini indi onun nəvələrinin bəyənmədiyi türk (Azərbaycan) dilində qələmə almışdı.

Azərbaycan folklorunun ilk örnəkləri yazılı şəkildə qədim yunan tarixçisi Herodotun "Tarix" əsərində (E.Ə. V əsr) bizə gəlib çatmışdır. Bunlar - qədim Azərbaycan dövləti Midiyanın süqutunun və İran dövləti tərəfindən işğalının səbəbləri haqqında xalq bədii təfəkkürünün məhsullarıdır. Bu əfsanələr "Astiyaq", "Tomris" və başqa adlarla Herodotun əsərində yazıya alınmışdır. İndiki mənada tarix əsəri deyil, həm də bədii əsər qələmə almış Herodot, Azərbaycan əfsanələrini də yüksək bədiiliklə işləmiş və təsirli psixoloji səhnələr yaratmağa müvəffəq olmuşdur. "Tomris" əfsanəsi bu baxımdan daha diqqətəlayiqdir. İşğalçılıq məqsədi ilə Midiyaya hücum edib, ölkəni viran qoyan İran şahını məğlub etmiş Midiya sərkərdəsi - qəhrəman qadın Tomris onun başını kəsib bir qan tuluğuna salır ki, yeriklədiyi qandan "doyunca içsin..."

"Astiaq" əfsanəsində mifoloji qat daha güclüdür. Burada əsas hadisələr yuxugörmə və taleyin əvvəlcədən müəyyən edilməsi üzərində qurulmuşdur. İlahi qüvvələrin təyin etdiyi taleyin dəyişdirilməsində insanın nə qədər gücsüz olduğu - Astiaqın faciəsi örnəyində təqdim edilir. Eyni motivlər qədim dünyanın bir çox ədəbiyyatlarında, o sıradan antik yunan ədəbiyyatında geniş yayılmışdır.

Azərbaycan folklorunun yazılı halda bizə gəlib çatmış ən böyük abidəsi "Kitabi-Dədə Qorqud" eposudur. Bu eposun müxtəlif obraz və motivləri sonrakı Azərbaycan folkloruna və klassik ədəbiyyatına təsir göstərsə də, bütövlükdə şifahi ənənədə qorunub saxlanmamışdır. Buna görə də, "Dədə Qorqud" dastanları yazılı ədəbiyyat örnəyi kimi də tədqiqata cəlb edilir. Bu məqalədə də həmin prinsip gözlənilmişdir.

QARABAĞ: ETİMOLOGİYASI, ƏRAZİSİ VƏ SƏRHƏDLƏR

QARABAĞ: ETİMOLOGİYASI, ƏRAZİSİ VƏ SƏRHƏDLƏRİ

Qarabağ Azərbaycanın ən qədim tarixi vilayətlərindən biridir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın adı Azərbaycan dilindəki "qara" və "bağ" sözlərindən əmələ gəlmişdir. "Qara" və "bağ" söz birləşməsi Azərbaycan xalqının özü qədər qədim tarixə malikdir. Dünyanın hər yerində bu söz birləşməsinin Azərbaycanın konkret ərazisinə aid edilməsi də danılmaz həqiqətdir. Azərbaycan xalqının öz doğma torpağının bir parçasına verdiyi "Qarabağ" sözü ilk mənbələrdə hələ 1300 il bundan əvvəl (VII əsrdən!) işlənmişdir. Qarabağ əvvəllər bir tarixi-coğrafi anlayış kimi konkret məkanı bildirmiş, sonra isə Azərbaycanın geniş coğrafi ərazisinə aid edilmişdir. Yeri gəlmişkən, bu hal Azərbaycan üçün xarakterikdir: Naxçıvan şəhəri - Naxçıvan bölgəsi, Şəki şəhəri - Şəki bölgəsi, Gəncə şəhəri - Gəncə bölgəsi, Lənkəran şəhəri -Lənkəran bölgəsi və i.a.

"Qarabağ"ın Azərbaycanın konkret bir vilayətinin, bir bölgəsinin adı kimi formalaşması tarixi onun etimologiyasının daha elmi şəkildə izahına imkan verir. Çünki Azərbaycan dilində (həmçinin başqa türk dillərində) "qara"nın rəngdən başqa "sıx", "qalın", "böyük", "tünd" və başqa mənaları da vardır.3 Bu baxımdan, "Qarabağ" termini "qara bağ", yəni "böyük bağ", "sıx bağ", "qalın bağ", "səfalı bağ" və s. mənası kəsb edir.4 Beləliklə, Qarabağın özü kimi "Qarabağ" sözü də Azərbaycan xalqına məxsusdur.

Qarabağdan bəhs edərkən qarşıya əvvəlcədən belə bir sual çıxır: Qarabağ haradır, Azərbaycanın hansı ərazilərini əhatə edir? Bu sualın cavabı bu gün daha aktualdır və erməni separatçıları tərəfindən törədilmiş "Dağlıq Qarabağ problemi"nin dərk edilməsi üçün mühüm əhəmiyyətə malikdir. Qoyulmuş suala cavab üçün ilk mənbəyə müraciət edək. Vaxtı ilə bu ərazini əhatə edən Azərbaycan dövlətinin - Qarabağ xanlığının vəziri olmuş Mirzə Camal Cavanşir özünün "Qarabağ tarixi" (1847) əsərində bu məsələdən bəhs edərkən yazırdı: "Qədim tarix kitablarının yazdığına görə Qarabağ vilayətinin sərhədləri belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər - Araz çayıdır. İndi (Sınıq körpü) Qazax, Şəmsəddin və Dəmirçi-Həsənli camaatı arasındadır və Rusiya dövləti məmurları onu rus istilahilə Krasnı most, yəni Qızıl körpü adlandırırlar. Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla sərhədi Kür çayına qədər - Goran çayıdır və Kür çayı çox yerdən (keçib) Araz çayına çatır. Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır".5

Rusiya işğalı və müstəmləkəçiliyinin ilk dövründə Qarabağın ərazisi və sərhədlərinin belə dəqiq təsvir edilməsi onunla izah olunur ki, 1) bu faktı bilavasitə Qarabağın idarəsilə məşğul olan dövlət adamı yazır, başqa sözlə, həmin fakt rəsmi sənədlərə əsaslanan rəsmi sözdür, Rusiyanın xidmətində olan dövlət adamının rəsmi sözüdür; 2) digər tərəfdən bu fakt yalnız reallığa, təcrübəyə əsaslanmaqla qalmayıb ilk mənbələrlə də sübut olunur. Mirzə Camalın mövqeyinin doğruluğunu göstərmək üçün qədim tarix kitablarına istinad etməsi təsadüfi deyil. Göründüyü kimi, siyasi-coğrafi məkan olaraq, tarixdə həmişə "Dağlıq Qarabağ" deyil, bütöv halda, yəni Qarabağın bütün ərazisini - dağlarını, düzənlərini əhatə edən ümumi bir "Qarabağ" anlayışı olmuşdur. Başqa sözlə, "Dağlıq Qarabağ" anlayışı çox sonraların "məhsuludur", separatçılıq niyyəti ilə Qarabağın bir hissəsinə verilmiş addır. Adicə məntiq də bunu sübut edir: əgər Dağlıq Qarabağ varsa, deməli düzən və ya aran Qarabağ da var! Reallıq da belədir: bu gün Azərbaycanda həm Dağlıq Qarabağ var, həm də Aran Qarabağ (yəni düzən Qarabağ)! Özü də həm düzən (aran), həm də dağlıq Qarabağ həmişə, bütün tarixi dövrlərdə bir xalqın - Azərbaycan xalqının Vətəni olmuşdur, dilində "qara" və "bağ" sözləri olan xalqın! Azərbaycan xalqının yüzlərlə ən qədim, ən nadir folklor nümunələri, musiqi inciləri məhz Qarabağda yaranmışdır, Qarabağla bağlıdır